Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Zəfərin mübarək Vətən” adlı tədbir keçirilib

03 noyabr 2022 | 16:34

   03 noyabr 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin və V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə düşmən üzərində qazanılmış tarixi zəfərin ikinci ildönümü münasibəti ilə “Zəfərin mübarək Vətən” adlı tədbir keçirilmişdir.
   Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra edən Tapdıq Nəsirov, İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəisi, polkovnik Anar Rəhimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
   Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.
    Tədbir V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbində davam etdirilib. Dövlət himnin səsləndirilməsi ilə başlanan tədbirdə Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərin işğaldan azad edilməsindən söhbət açıblar. Natiqlər bildiriblər ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. “Qarabağ Azərbaycandır!” devizi ilə başlanan Zəfərlə sonlanan 44 günlük yurd savaşı tarix boyu iftixar rəmzimiz, qürur mənbəyimiz olaraq qalacaqdır. Çıxış edənlər bu qələbəni xalqımıza yaşadan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə bütün cəbrayıllılar adından minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə şəfa arzulayıblar.
    Sonda məktəb şagirdlərinin ifasında kompozisiya dinlənilib, qazilərə medallar və şagirdlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin Fəxri Fərmanları təqdim olunub.

Keçidlər