Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Zəfər Günü” münasibəti ilə tədbir keçirilib

08 noyabr 2022 | 15:38

    08 noyabr 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Zəfər Günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.
Sonra tədbir Ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.
    Milli Məclisin deputat Ceyhun Məmmədov çıxış edərək qeyd edib ki, Qarabağın tacı olan Şuşamızın azad edilməsi tam qələbəmizi müjdələyən zəfər idi. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.
    Bayram tədbiri rayonunun ümumtəhsil məktəblərinin və mədəniyyət işçilərinin Zəfər gününə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə davam edib və konsert proqramı ilə sona çatıb.

 

Keçidlər