Cəbrayıl rayonunda yaş barama tədarükünə start verilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Cəbrayıl rayonunda ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı uğurla davam etdirilir. Cari ilin 7 may tarixində Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 65 kümçüyə paylanılmış 110 qutu hibrid ipəkqurdu sənaye toxumundan yüksək keyfiyyətli məhsul əldə edilmişdir.
Kümçülərin fədakar əməyi nəticəsində bəslənilmə mərhələsi başa çatmış və 8 iyun 2026-cı il tarixdən etibarən yaş barama məhsulunun qəbuluna başlanılmışdır. Mövsümün ilk günündə tədarük məntəqəsinə 837 kiloqram yaş barama təhvil verilmişdir. Növbəti günlərdə də məhsul tədarükü ardıcıl şəkildə davam edəcəkdir. Cari mövsümdə rayon üzrə ümumilikdə 4400 kiloqram məhsul istehsalı proqnozlaşdırılır.






