Cəbrayıl rayonunda YAP-ın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələr müzakirə olunub
22 oktyabr 2026-cı il tarixində Cəbrayıl Rayon İcra Hakimiyyətinin akt zalında Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək dərin ehtiramlarını bildiriblər.
Müşavirədə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək, bildirib ki, oktyabr ayının 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli çıxışı gələcəyə yönəlmiş siyasi-strateji məqsədləri, eyni zamanda milli təhlükəsizlik və başlıca inkişaf istiqamətlərinə dair qarşıda duran əsas vəzifələri müəyyənləşdirmişdir. Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşıya qoyulan əsas vəzifələr əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmasıdır. Prezident İlham Əliyev öz imkanlarımızdan maksimum istifadə etməklə müstəqilliyi və dövlətçiliyi möhkəmləndirməyi, güclü iqtisadi və hərbi potensialı daha da inkişaf etdirməyi dövlət siyasətinin ana xəttinin əsas istiqamətləri kimi müəyyənləşdirmişdir.
K. Həsənov eyni zamanda cənab Prezident İlham Əliyevin VIII Qurultayda ideoloji işin müasir tələblər əsasında qurulması, ictimai maarifləndirmənin gücləndirilməsi və cəmiyyətin bütün təbəqələrinin bu prosesdə fəal iştirakının təmin olunması ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini də vurğulayıb.
Müşavirədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Şahin Şirinov, Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Vasif Quliyev, M. Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin direktoru Şəlalə Qasımlı, 8 saylı tam orta məktəbin müəllimi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Zaur Vəliyev, rayonun İ.Tahirov adına Mehdili kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, şair-publisist Hidayət Səfərli çıxış edərək dövlətimizin başçısının Qurultaydakı çıxışında müasir Azərbaycanın növbəti mərhələdəki inkişaf prioritetlərinin aydın şəkildə müəyyən edildiyini bildirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilməli tədbirlər barədə məlumatlar veriblər.






