Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

01 noyabr 2022 | 17:52

   Noyabr ayının 1-də Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatında partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ruhunu dərin ehtiramlarla yad ediblər. Sonra 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi yad olunaraq, abidələri önünə gül-çiçək dəstələri qoyulub.
   Tədbirdə YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü Bayram Aslanov, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Millət vəkili Ceyhun Məmmədov, Şərqi Zəngəzur üzrə zona kuratoru Elmar Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, YAP üzvləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Tədbirdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ötən 30 il müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçmiş, çox mühüm, tarixi əhəmiyyətə malik olan nailiyyətlərə imza atıb. Partiya sədri ötən illərdə olduğu kimi bu gün də öz proqramında müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolunun və nüfuzunun durmadan artdığını vurğulayıb.
   Tədbirdə YAP veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü Bayram Aslanov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Əməkdar müəllim, YAP veteranı Rəhim Rəhimov, Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbin direktoru Aygün Hüseynova və gənc YAP fəalı Əli Məmmədli geniş məruzə ilə çıxış ediblər.
   Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunmuş Vətən müharibəsi qazilərinə medallar, Cəbrayıl rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Keçidlər