Cəbrayıl rayonunda “Yaddaşlarda yaşayan böyük şəxsiyyət” mövzusunda tədbir keçirilib
07 may 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, YAP Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Yaddaşlarda yaşayan böyük şəxsiyyət” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP Rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev, rayon Təhsil sektorunun əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Məktəblilərin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən əl işlərindən ibarət sərgiyə baxışın keçirilməsi ilə başlanan tədbirdə Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, dahi şəxsiyyət, fenomen insan Heydər Əliyevin həyat və fəaliyyətindən geniş söhbət açıblar. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir. Azərbaycana rəhbərliyinin hər iki dövründə böyük şəxsiyyət özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi , yüksək vətənpərvərliyi , uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin inkişafına nail olub.
Bu gün Heydər Əliyevin siyasi kursu, başlatdığı nəhəng işlərin icrası onun layiqli davamçısı və siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi Azərbaycan dünyada dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib və məğrur Azərbaycan xalqı Ümummilli Liderimizin həmişəyaşar ideyaları əsasında 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində tam qələbə çaldı, tarixi torpaqlarımızı işğaldan həmişəlik azad etdi, ata vəsiyyətini layiqincə yerinə yetirərək xalqımızı Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında yenidən bir yumruq kimi birləşdirdi.Respublikamızın ərazi bütövlüyü təmin edildi.Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir, Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin döğma ata-baba yurdlarında daimi məskunlaşmaları təmin edilir.
“2025-ci ilin Ölkə başçısı tərəfindən “Konstitusiya və Suverenlik ili elan edilməsi, bu münasibətlə təsdiq olunmuş tədbirlər planından irəli gələn məsələlərin Respublikamızın bütün bölgələrində və onun hüdudlarından kənarda müzakirə olunması Azərbaycanın müasir dövrün çağırışlarına uyğun inkişafı böyük maraq və rəğbətlə qarşılanır. Bu mənada vurğulanmalıdır ki, Ümummilli lider Heydər Əliyev bu gün müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyinin tam bərpası yoluna işıq saçan ideya müəllifi kimi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Tədbir məktəblilərin Ulu Öndərə həsr olunmuş şeirlərin səsləndirilməsi və Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənclərə vəsiqələrin təqdim edilməsi ilə davam etdirilib.