Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Xocalı soyqırımının 33-cü il dönümü ilə əlaqədar “Xocalı – qan yaddaşımız” mövzusunda anım tədbiri keçirilib

26 fevral 2025 | 17:15

    26 fevral 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında bəşəriyyət tarixinin insanlıq əleyhinə ən amansız cinayətlərindən olan Xocalı soyqırımının 33-cü il dönümü ilə əlaqədar “Xocalı – qan yaddaşımız” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın əməkdaşları, ərazi dairəsi üzrə nümayəndələr, Hüquq-Mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, məktəb direktorları, bağça müdirləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək bildirib ki, ölkəmizdə erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində otuz ildən artıqdır ki, məqsədyönlü və sistemli iş aparılır. Soyqırıma ilk siyasi qiymətin verilməsi də elə “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” deyən Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyata keçirilib. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının göstərişi və səyi nəticəsində hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd olunur, soyqırımı faktı ali tribunalardan səsləndirilir, insanlığın utanc tarixi olduğu diqqətə çatdırılır.
    Erməni işğalçılarının iki əsirdən artıq davam edən bəşəri cinayətinə beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun tarixi Qələbəsi ilə son qoyuldu. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə düşməni "Dəmir yumruq” əməliyyatı ilə darmadağın edərək, doğma Qarabağımızı 30 illik əsarətdən xilas etdi. “Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi.
    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi, xalqımızın əyilmiş qəddini bir daha düzəltdi.
    Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa quruculuq işləri bu gün Xocalıda da davam etdirilir, sakinlər doğma ata-baba yurdlarına qayıdaraq vaxtilə xarabalığa çevrilmiş bu şəhərə yeni nəfəs verirlər. Prezidentin Xocalılarla görüşləri, orada yeni layihələrin təməlinin qoyulması bu insanlara böyük ruh verir, onları sevindirir.
    Digər çıxış edənlər də qətliamın Azərbaycan xalqına vurduğu yaralardan geniş bəhs edərək vurğulayıblar ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Lakin Xocalı soyqırımının üzərindən bundan sonra illər, əsrlər keçsə də, xalqımız bu qətliamı unutmayacaq, daim qan yaddaşında yaşadacaqdır.
    Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti XX əsrin ən böyük faciəsi sayılan Xocalı soyqırımına hüquqi qiymət verməli, insanlıq əleyhinə yönəlmiş bu dəhşətli cinayət əməlini törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
    Tədbir Xocalıya həsr olunmuş videoçarxın nümayişi ilə davam etdirilib. Gün ərzində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib, 17:00-da qəsəbə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər