Cəbrayıl rayonunda “Xalqımızın xilaskarı-Ulu Öndər” adlı tədbir keçirilib
Cəbrayıl rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin rayon nümayəndəliyinin təşkilatçılığı ilə “Xalqımızın xilaskarı-Ulu Öndər” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, İctimai Şuranın sədri Zaur Vəliyev, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, hüquq-mühafizə orqanlarının, RİH başçısı aparatının əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər 15 İyun - Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, bu tarixin xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətindən söhbət açıblar. Natiqlər bildirdilər ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində olan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi ölkəni xilas etdi. Azərbaycanın dünya birliyinin müstəqil bir subyekti olmaq hüququnu özünə qaytardı. Bu gün Ümummilli Liderimizin görmək istədiyi Azərbaycan günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Ulu Öndərin xilaskarlıq və quruculuq missiyası bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyev adını tarixə Zəfərimizin memarı kimi qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Bu Qələbə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlayıb. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə əbədi yaşayacaqdır!
Sonda “Milli qurtuluşdan zəfərə” adlı sənədli film nümayiş etdirilib, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçirilib.