Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Mən ellər oğluyam” mövzusunda tədbir keçirilib

19 may 2026 | 16:29

    19 may 2026-cı il tarixdə Mərkəzi Kitabxana Sistemində xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, şairlər, yazarlar, ümumtəhsil məktəblərinin kollektivləri, mədəniyyət işçiləri iştirak ediblər.
    Çıxış edənlər iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından olan, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən və əsərlərinin bu gün də aktuallığını qoruyub saxlamasından geniş söhbət açıblar. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səməd Vurğunun 120 illiyi ilə bağlı imzaladığı Sərəncam şairin zəngin poetik irsinin öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Səməd Vurğun xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Şairin yaradıcılığında vətən sevgisi, insan duyğuları və həyatın fəlsəfi məqamları əsas yer tutur. Vurğun vətənini sevmək və ona xidmət etmək məqsədini yaradıcılığının ilk illərindən ən yüksək hədəf olaraq seçmişdir. Şairin yaradıcılığı bu gün yalnız ədəbi irs kimi deyil, eyni zamanda milli kimliyin və ictimai düşüncənin formalaşmasına təsir göstərən mühüm mənəvi dəyər kimi qiymətləndirilir. Dövlətimizin ustad şairin şəxsiyyəti və yaradıcılığına olan ehtiramı Bakıda ev-muzeyinin, Qazaxda Poeziya evinin, 70, 80 və 90 illik yubileylərinin təntənəli surətdə keçirilməsində və bir çox başqa tədbirlərdə öz əksini tapıb. Bu gün respublikamızın hər bir rayonunda adına parklar, küçələr, mədəniyyət ocaqları, məktəblər var. Hətta şairin adını yaşadan nəhəng neft tankeri də fəaliyyət göstərir, adı ölkə hüdudlarından kənarda da böyük ehtiramla əbədiləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Səməd Vurğun Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
    Tədbir çərçivəsində şairin şeirləri səsləndirilib, əsərlərindən parçalar göstərilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub, kitablarından ibarət sərgiyə baxış keçirilib.

Keçidlər