Cəbrayıl rayonunda “Vaxtından əvvəl nikaha daxil olmağa tələsmə” mövzusunda tədbir keçirilib
07 oktyabr 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İ.Tahirov adına Mehdili kənd tam orta məktəbdə erkən nikahların qarşısının alınması məqsədilə “Vaxtından əvvəl nikaha daxil olmağa tələsmə” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Hidayət Səfərli, Mərkəzi Xəstəxananın əməkdaşları, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Evlilik şəxsin seçim edə biləcəyi hadisə olduğu halda, erkən evlilik onun seçim haqqını əlindən alır. Belə evliliklər uşaqların uşaqlıqlarını əlindən almaqla bərabər onların inkişafında travmalara da səbəb olur. Bu insanlara erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətləri yükləmək, onların şəxsi inkişafdan yoxsul qalmalarına səbəb olur və təhsildən uzaqlaşdırır. Erkən nikah qurbanlarının daha çoxunun qız uşaqları olması, həmin qızların həyat yoldaşlarından bağlı hala gəlmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliklərinin yaranmasına gətirib çıxarır. Dünya statistikasına əsasən erkən yaşda evləndirilən qızlar, normal hala nisbətən iki dəfə artıq şiddətə məruz qalırlar. Qadınların azadlığının əlindən alınması, təhsilinin, maddi vəziyyətinin məhdudluğu, tərəflər arasındakı yaş fərqi, güc balansının olmamağı, erkən evliliklərin mexanizminin əsasıdır. Bu yaşda onlar ailə planlaşdırılmasını dərk etmirlər. Beləliklə də dünyaya gətirilən uşaqların sayında və sağlamlığında problemlər meydana çıxır. Dünya ədəbiyyatında depressiyaya düşənlərin statistikasında 10-17 yaş arası evlənənlərdə daha çox intihara meyillilik müşahidə olunur. Bu cür hallarla mübarizədə ailə, məktəb və cəmiyyət birgə şəkildə fəaliyyət göstərməlidir.
Tədbir erkən nikahla bağlı müzakirələrlə və videoçarxın nümayişi ilə başa çatıb.






