Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Üzeyir Hacıbəyli-140” mövzusunda tədbir keçirilib

18 sentyabr 2025 | 17:02

Böyük Mərcanlı  kənd  Uşaq-İncəsənət məktəbində 18 sentyabr-Milli Musiqi Günü və Azərbaycan musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi, görkəmli bəstəkar, böyük maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Cəbrayıl  Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, MKS-nın direktoru Vasif Quliyev, Böyük Mərcanlı kənd Uşaq-İncəsənət məktəbinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər.

Dahi bəstəkarın müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən geniş söhbət açıblar. Bildirilib ki, O, yalnız ilk milli operamızın müəllifi deyil, eyni zamanda Azərbaycan professional musiqi məktəbinin banisi, böyük pedaqoq, maarifçi və milli kimliyimizin musiqidə ifadəçisi olub. Dahi bəstəkarın yaratdığı əsərlər bu gün də aktuallığını qoruyub saxlayır və yeni-yeni nəsillərə  milli ruh aşılayır.

Onun istər publisistik yazıları, istərsə də dramaturji əsərləri milli oyanışın, maarifçiliyin və dövlətçiliyin təbliğinə xidmət edib. O, həm də böyük pedaqoq idi – bütöv bir musiqiçi nəslinin formalaşmasında əvəzsiz rolu olub.

Bu baxımdan, Prezident İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam həm tarixi ədalətin təntənəsi, həm də milli mədəniyyətə olan yüksək dəyərin ifadəsidir. Sərəncamda vurğulandığı kimi, Üzeyir Hacıbəylinin zəngin irsi Azərbaycan mədəniyyətinin təməl sütunlarındandır və bu irsin təbliği, gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Prezidentin imzaladığı bu sənəd Üzeyir bəyin çoxşaxəli yaradıcılığının təhlilini, tədqiqini və dünyada tanıdılmasını stimullaşdırmaqla yanaşı, Azərbaycan gəncliyinin milli ruhda yetişdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Böyük bəstəkarın 140 illik yubileyi yalnız bir tarix deyil, milli özünüdərk və mədəni kimlik yolunda atılmış mühüm addımdır. Bu yubiley xalqın musiqi yaddaşını, milli ideyasını və mənəvi sərvətini əbədiləşdirən bir dahi şəxsiyyətin dövlət səviyyəsində yenidən ucaldılmasıdır.

Tədbir Böyük Mərcanlı kənd  Uşaq-İncəsənət məktəbinin şagirdlərinin ifasında dahi bəstəkarın əsərlərinin səsləndirilməsi ilə davam edib.

Keçidlər