Cəbrayıl rayonunda “Uşaqların zərərli informasiyalardan qorunması haqqında qanunvericiliyin pozulması hallarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
10 aprel 2025-ci il tarixdə rayonun 8 saylı və R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəblərində Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqların zərərli informasiyalardan qorunması haqqında qanunvericiliyin pozulması hallarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə RİH başçısı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Rövşən Bayramov, rayon Polis Şöbəsinin İTB-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işinin təşkili qrupunun inspektoru, kiçik leytenant Abutalıb İsmayılov, məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, uşaqların zərərli informasiyadan qorunması ilə bağlı münasibətlər "Uşaqların zərərli informasiyadan qorunması haqqında" 30 oktyabr 2018-ci il tarixli Qanunla tənzimlənir. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvədədir. Zərərli informasiya uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatlardır. Uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsiplərinə uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, onların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi aiddir.