Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Uşaqların vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.

18 aprel 2024 | 16:51

    18 aprel 2024-cü il tarixdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.5 bəndinin icrasının təmin edilməsi məqsədilə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində “Uşaqların vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, din xadimi Yusif İsmayılov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirə Azərbaycan tarixinin qanlı səhifələrindən olan Başlıbel faciəsi qurbanlarının timsalında Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
    Çıxış edənlər bildiriblər ki, vətənpərvərlik ali hissdir. Vətən övladı həyatının hər anında bu hissi ifadə etməlidir. Bu hissi Vətəninin üzərini qara buludlar alanda elini, xalqını sevən övladların ayağa qalxmasında görmüşük. Uşaq dünyaya gələndə gərək ona verilən ilk dərs bu ola: Sənin borcun doğma torpağı – vətəni qorumaq, onu ana kimi sevməkdir. Adama elə gəlir ki, bu sözlər ana laylası qədər doğmadır.
    Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Xalqı xalqdan, milləti millətdən ayıran milli dəyərlər cəmiyyətdə insanların münasibətini tənzimləyən gözəl davranış formasıdır. Bunları qoruyub saxlamaq milli yiyəlik hisslərinə sahib çıxmaq, itirmək isə xalqın öz simasını itirmək deməkdir. Bu milli-mənəvi dəyərlər ilk öncə xəzinələri yaradır, sonra öz növbəsində isə bu sərvətlər xalqları, millətləri yaşadır, onları əbədi və qüdrətli edir.
    Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir - Azərbaycan dilidir, bizim adət-ənənələrimizdir. Mənəvi əxlaqi mentalitetimizdir.
    Milli-mənəvi dəyərlərin mahiyyətini onun çalarlarını böyüyən nəsillərə aşılamaqda ailə və məktəb əvəzsiz qüvvədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Həm müəllimlər, həm də valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidir ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu bizim gələcəyimiz üçün əsasdır”.
    Tədbir şagirdlərin vətənpərvərlik ruhunda söylədiyi şeirlərlə davam etdirilib.

 

Keçidlər