Cəbrayıl rayonunda "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib
24 noyabr 2023-cü il tarixdə X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbində "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştrakçıları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək vurğulayıblar ki, vətənpərvərlik təkcə Vətəni sevmək demək deyil, həm də Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərməkdir. Bunun üçün də gənclərimizin tərbiyəsində milli-mənəvi dəyərlərimizə söykənmək vacibdir. Dövlətimiz gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük diqqət göstərir. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Vətən Müharibəsində gənclərimizin göstərdiyi igidliklər yeniyetmə nəslimizin tərbiyəsində böyük rol oynamışdır.
Çıxışlar zamanı həmçinin qeyd olunmuşdur ki, Ümummmilli liderimiz Heydər Əliyev öz siyasətində yeniyetmə və gənclərə daim qayğı göstərib. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən uşaqların himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu ənənə ölkə başçımız cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən bu gün də uğurla davam etdirir.
Sonda məktəblilərin ifasında Vətənimiz Azərbaycana, Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.