Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Uşaqların səsi olaq” adlı tədbir keçirilib

27 fevral 2024 | 09:19

    26 fevral 2024-ü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayon nümayəndələrinin birgə təşkilatçılığı ilə İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Müharibənin böyüməyə qoymadığı uşaqların səsi olaq” adlı tədbir keçirilib.Xocalıya həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxışla və müharibələrin qurbanı olmuş uşaqların, Xocalı faciəsi qurbanlarının eləcə də respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Uşaq səfirlər məclisinin Cəbrayıl rayon nümayəndəsi Aynur Məmmədova, məktəblərin fəal şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər. Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılmış Uşaq səfirlər məclisi haqqında geniş məlumat verərək qeyd edib ki, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilmiş, yerli əhaliyə qarşı soyqırımı cinayəti törədilmiş, şəhər yerlə yeksan olunmuşdur. Soyqırımı zamanı 63 uşaq, 106 qadın və 70 ahıl olmaqla 613 Xocalı sakini amansızlıqla qətlə yetirilmiş, 76-sı uşaq olmaqla 487 dinc sakin ağır yaralanmış, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynindən birini itirmişdir. Eyni zamanda həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır. Ümumiyyətlə Qarabağ müharibəsi zamanı 210 uşaq öldürülmüş, 270 uşaq sağlamlığını itirmiş, 92 uşaq girov götürülmüş, 3393 uşaq valideynlərindən birini, 120 uşaq hər iki valideynini itirmişdir.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 27 sentyabr 2020-ci ildə başladığı 44 günlük Vətən müharibəsi və 19-20 sentyabr 2023-cü ildə həyata keçirdiyi uğurlu antiterror əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız, o cümlədən Xocalı şəhəri azad edilib və ərazi bütövlüyümüz bərpa olunub.Bu gün Xocalıda, eləcədə Qarabağda Azərbaycan Respublikasının Dövlət bayrağı ucalır. Xocalı və bu kimi bir çox qətliamlara məruz qalanların qisası alınıb. Uşaq səfirlər məclisinin rayon nümayəndəsi Aynur Məmmədova və digər çıxış edənlər Ermənistanın BMT-nin “Uşaq hüquqları haqqında” konvensiyası da daxil olmaqla beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Qarabağ müharibəsində qətlə yetirmiş günahsız 2 yaşlı Zəhranın, 8 yaşlı Aysunun, 9 yaşlı Farizin, 13 yaşlı Şəhriyarın, 14 yaşlı Fidanın, Larisanın, İlqarın və eyni taleyi yaşıyan yüzlərlə uşaqların səsi olaraq bildiriblər ki, Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəninin törədilməsində təqsirkar şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Xocalıya ədalət !
    Tədbir uşaqların ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər və Elşad Eyvazlinin Böyüməyən uşaqlar kitabının motivləri əsasında çəkilmiş "Böyüməyən uşaqlar" filminin nümayişi ilə davam edib.

Keçidlər