Cəbrayıl rayonunda “Uşaqların asudə vaxtını səmərəli təşkil edək” adlı tədbir keçirilib
23 iyul 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, Uşaq Səfirlər Məclisinin və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Cəbrayıl rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqdan böyüyə” layihəsi çərçivəsində “Uşaqların asudə vaxtını səmərəli təşkil edək” adlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirləri Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, uşaqlar və valideynlər iştirak ediblər.
Çıxış edənlər uşaqların asudə vaxtının səmərəli təşkilinin istər fiziki, istərsə də psixi sağlamlıq baxımından böyük əhəmiyyət kəsb etməsindən, onların inkişafında mütaliənin, musiqinin özünəməxsus rolundan, şahmatın faydalarından geniş söhbət açıblar. Bildirilib ki, asudə vaxtın səmərəli təşkili uşaqlar üçün olduqca vacib olan məqamlardan biridir. Çünki sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxt ilə qoyulur. Bu gün məqsədimiz də məhz həmin istəyi gerçəkləşdirməkdir.
Tədbir uşaqların ifasında şeir və musiqilərin səslənməsi, səhnəciklərin göstərilməsi, rəqslərin nümayişi və müzakirələrlə davam etdirilib. Valideynlər səmimi görüşə, uşaqlarının asudə vaxtının səmərəli təşkilinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.