Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Uşaqları internetin zərərli təsirindən və informasiyalarından qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib

09 aprel 2026 | 17:51

    09 aprel 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin, rayon Telekommunikasiya qovşağının, Polis şöbəsinin, Mərkəzi Rayon Xəstəxanasının və Təhsil sektorunun birgə təşkilatçılığı ilə V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbində "Şəhərsalma və Memarlıq İli" çərçivəsində “Uşaqları internetin zərərli təsirindən və informasiyalarından qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, RPŞ-in ictimai-təhlükəsizlik bölməsinin rəisi, baş leytenant Rüfət Məmmədzadə, Polis sahə rəisi, leytenant Raul Həmzəyev, Telekommunikasiya qovşağının mütəxəssisi Rəfiqə Mikayılova, Mərkəzi Rayon Xəstəxananın həkimi İlham Hətəmxanlı, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirdə çıxış edənlər müxtəlif məzmunlu informasiya bolluğu dövründə uşaqların zərərli informasiyalardan qorunması, təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə ciddi tədbirlərin həyata keçirilməsindən geniş söhbət açıblar. Bildirilib ki, bu tədbirlər Azərbaycan Respublikasının 30 oktyabr 2018-ci il tarixdə qəbul olunan və 2020-ci il yanvarın 1-dən qüvvədə olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunla tənzimlənir. Qanunda uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması kimi prinsiplər əksini tapıb. Qeyd olunub ki, sözügedən qanunun müvafiq müddəalarının yerinə yetirilməsində tədris müəssisələrinin üzərinə mühüm öhdəlik düşür. Bu xüsusda mütəmadi maarifləndirci tədbirlərin təşkili vacibdir və müasir təhsildə çox böyük rol oynayır.
    Eyni zamanda tədbirdə uşaqlara sosial şəbəkələrdə davranış qaydaları, şəxsi məlumatların qorunması, təhlükəli məzmunların tanınması və belə hallarla rastlaşdıqda hansı qurumlara müraciət etməli olduqları barədə də ətraflı məlumat verilib.
    Sonda iştirakçılar tərəfindən maraqla qarşılanan belə maarifləndirici görüşlərin davamlı təşkilinin uşaqların düzgün informasiya mədəniyyətinin formalaşmasına töhfə verəcəyi vurğulanıb və mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

Keçidlər