Cəbrayıl rayonunda “Uşaqları hüquqları ilə qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib
09 iyun 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin və Uşaq Səfirlər məclisinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində 14 nömrəli tam orta ümumtəhsil məktəbində “Uşaqları hüquqları ilə qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirlər Məclisinin fəalı Zəhra Şirinova, məktəbin şagirdləri və valideynlər iştirak ediblər.
Çıxış edənlər insan hüquqlarını demokratik inkişafın ayrılmaz hissəsi, bəşəriyyətin ədalətli cəmiyyətə qovuşmaq idealının ali təzahürü, vətəndaş cəmiyyətinin yetkinliyinin əsas meyarı olduğunu qeyd ediblər. Bildirilib ki, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Ona görədə hər bir dövlət sağlam gələcəyi naminə uşaqların yüksək soasial-mənəvi mühitdə böyüməsinə çalışır, qayğılarına, problemlərinə beynəlxalq səviyyədə xüsusi diqqət yetirilir. Uşaqların hüquqlarını qorumaq, elə onların özlərini qorumaq deməkdir. Uşaqlar hər bir ölkənin, hər bir xalqın, bütövlükdə bütün bəşəriyyətin gələcəyidir. Bu həqiqəti yer üzündə yaşayan hər bir kəs bütün qəlbi, vicdanı və ağlı ilə dərk etməlidir.
Tədbir zamanı uşaqların hüquq və vəzifələri, onların sosial-hüquqi müdafiəsindən də geniş söhbət açılıb, mövzunun mahiyyətini aşılayan müxtəlif slaydlar nümayiş etdirilib. Maraqlı müzakirələr şəraitində keçən görüşdə şagirdlər öz fikirlərini bölüşərək yüksək fəallıq göstəriblər.






