Cəbrayıl rayonunda “Uşaqlara qarşı hər cür zorakılığa yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib
01 dekabr 2023-cü il tarixdə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9. bəndinin icrası ilə əlaqədar olaraq “Uşaqlara qarşı hər cür zorakılığa yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul əməkdaşı, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır. Ailəyə dövlətin kiçik modeli kimi baxırıq, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmini valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. Yetkinlik yaşına çatmayan, xüsusən də yeddi yaşına qədər olan uşaqlar özlərinin hüquq və qanuni mənafelərini müdafiə etmək iqtidarında olmurlar. Bu səbəbdən onları qorumağın və vətəndaş kimi yetişdirməyin məsuliyyəti əsasən valideynlərin və məktəbin üzərinə düşür. Onların psixologiyasının bu yaşlarında zədələnməsinə imkan vermək olmaz. Azərbaycanda sağlam ailə, tərbiyəli uşaq böyütmə kimi möhkəm ənənələr mövcuddur. Bu, millətimizin ən üstün tərəfidir.
Məktəbdəki nizam-intizam qaydaları hər bir şagirdin ləyaqətinə və formalaşmaqda olan şəxsiyyətinə hörmət prinsipində qurulmalı, eyni zamanda uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində valideynlərlə yanaşı müəllimlərdə fəal iştirak etməlidir. Sonda şagirdlərlə birlikdə onları düşündürən və narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.