Cəbrayıl rayonunda “Uşaq hüquqlarının təmin olunması hamının borcudur” mövzusunda tədbir keçirilmişdir
15 noyabr 2022-ci il tarixdə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində "Uşaq Hüquqları Aylığı" çərçivəsində “Uşaq hüquqlarının təmin olunması hamının borcudur” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon Prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Sərxan İbrahimov, rayon Polis şöbəsinin polis sahə rəisi, polis leytenantı Müşfiq Məmişov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edənlər "Uşaq Hüquqları Aylığı"nın əhəmiyyətindən danışaraq uşaq hüquqlarından geniş söhbət açmışlar. Natiqlər bildirmişlər ki, hər il olduğu kimi 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konversiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsmanı) tərəfindən 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilib. Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin əsas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir. Həmçinin qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz işğal altında olan əzəli Azərbaycan torpaqlarını azad etmiş, 44 günlük Vətən Müharibəsində zəfər çalmışdır. Bu müharibə dövründə Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10 dan çox uşaq həlak olmuş 50-si yaralanmış, bir çox uşaq isə öz valideynlərini itirmişdir. Habelə, mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil səhiyyə, müəssisələrinin dağıdılması uşaqların təhsil, səhiyyə və digər hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bununla yanaşı atılan intensiv atəşlər uşaqların psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur. Uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər. Bununla yanaşı, həmin müharibə cinayətləri nəticəsində qurbana çevrilmiş uşaqların pozulmuş hüquq və azadlıqları ilə bağlı beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara müvafiq bəyanat və müraciətlər göndərilmişdir.
Sonda məktəbin şagirdlərinin fikirləri səslənmiş, hazırladıqları videoçarx nümayiş olunmuşdur.