Cəbrayıl rayonunda uşaq hüquqlarının müdafiəsi üzrə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə qısamüddətli kurs təşkil edilib
01-02 dekabr 2025-ci il tarixlərdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4 bəndinin icrası ilə əlaqədar uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə qısamüddətli kurs təşkil edilib. Kursda rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Fəridə İbayeva, məsul katibi Rövşən Bayramov, ümumtəhsil məktəblərinin psixoloqları, uşaq birliklərinin rəhbərləri iştirak ediblər.
Kurs çərçivəsində uşaqların hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə toxunulub, mövcud qanunvericilik izah edilib və uşaqlara qarşı hər cür zorakılığın qarşısının alınması üçün həlli vacib məsələlər diqqətə çatdırılıb. Eyni zamanda çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması, onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası ilə bağlı tövsiyələr verilib.
Kursda uşaq hüquqlarının müdafiəsi ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.






