Cəbrayıl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub
10 may 2024-cü il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
İcra Hakimiyyətinin başçısı Kamal Həsənov xalqımızın böyük oğlu, müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. Natiq bildirib ki, böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaradıb. Böyük şəxsiyyətin yaratdığı dövlət idarəçiliyi məktəbi müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.
Tədbir mədəniyyət və istirahət parkında həmişə yaşıl ağacların və bəzək güllərinin əkilməsi ilə davam etdirilib.