Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirilib

11 may 2023 | 10:43

    10 may 2023-cü il tarixdə Cəbrayıl rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə Mədəniyyət və İstirahət parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub. Həmçinin rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində Ulu Öndərin Cəbrayıl rayonuna səfərlərini əks etdirən foto-sərgilərə baxış keçirilib.
    Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Ümummlilli lider Heydər Əliyevin siyasi fəaliyyəti (1969-2003-cü illər) ilə bağlı geniş məruzə edib. Rayon rəhbəri bildirib ki, bu gün, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bütün dünya Azərbaycanlıları kimi Cəbrayıllılar da bu əlamətdar tarixi gündə böyük şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edirlər.
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Azərbaycana rəhbərliyinin hər iki dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafına nail olmuşdur.
    1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal müəssisələri, mühüm infrastruktur obyektləri istifadəyə verildi, 630 min yeni iş yeri açıldı, yeni yaşayış massivləri salındı.
    Beləliklə, 1970-ci illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxdı.
    Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Belə ağır bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, dövlətçiliyimizi hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorudu və ölkəmizi dayanıqlı inkişaf yoluna çıxardı.
    Məhz Heydər Əliyevin çox gərgin və genişmiqyaslı fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı.
    Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, başlatdığı nəhəng işlərin icrası onun ən layiqli davamçısı və siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi Azərbaycan dünyada dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır.
    Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qalib və məğrur Azərbaycan xalqı Ümummilli Liderimizin həmişəyaşar ideyaları əsasında 44 günlük Vətən müharibəsində ermənilər üzərində tam qələbə çaldı, Azərbaycanın tarixi torpaqlarını işğaldan həmişəlik azad etdi. İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla qazanılmış parlaq Zəfər güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Möhtərəm Prezidentimiz, müzəffər sərkərdə cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirərək Azərbaycan xalqını Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında yenidən bir yumruq kimi birləşdirdi.
    Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır.
    Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
    Biz cəbrayıllılar Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, həmişə olduğu kimi, bundan sonra da Ulu Öndərin Azərbaycanda daim yaşayan və qalib gələn ideyalarına sədaqət və inam nümayiş etdirəcəyik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək ölkəmizin hərtərəfli davamlı inkişafı üçün var qüvvəmizi əsirgəməyəcəyik.
    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
    Sonra Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş olundu.
    Tədbir Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında musiqili konsert proqramı ilə davam etdirilib.

Keçidlər