Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Torpaq çərşənbəsi qeyd olunub

18 mart 2026 | 09:24

    17 mart 2026-cı il tarixdə rayon İcra Hakimiyyətinin, Təhsil sektorunun və Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə 8 saylı tam orta məktəbdə torpaq çərşənbəsi münasibəti ilə bayram şənliyi keçirilib. Şənlikdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin direktoru Vidadi Orucov, 1 saylı uşaq bağçasının, Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin və 8 saylı tam orta məktəbin müəllim və şagird kollektivləri, mədəniyyət işçiləri iştirak ediblər.
    Çıxış edənlər iştirakçıları baharın gəlişi, torpaq çərşənbəsi münasibəti ilə təbrik edərək xoş arzularını bildirib, sülh və əmin-amanlıqla dolu il olmasını arzulayıblar. Qeyd olunub ki, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Ümummilli lider Heydər Əliyevin və siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri sayəsində xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələri bu gün də qorunub saxlanılır və inkişaf etdirilir.
    Böyük Mərcanlı kənd Uşaq İncəsənət və 8 saylı tam orta məktəblərin müəllim və şagird kollektivinin hazırladıqları bayram əhval-ruhiyyəli proqram tədbirə rəng qatıb. Novruz bayramına, çərşənbələrə aid səslənən bayatılar, şeirlər Novruz personajları Kosa, Keçəl və Bahar qızının mərasimə gəlməsi bayram tədbirini daha da şənləndirib. Xonça, səməni, şəkərbura, paxlava kimi Novruz şirniyyatları mərasimin bəzəyi olub. Mərasim yumurta döyüşdürmə, kəndir dartma və digər maraqlı oyunlarla davam etdirilib.

 

 

Keçidlər