Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Təbiət tanrının yazdığı kitabdır” adlı tədbir keçirilib

07 may 2024 | 16:49

    07 may 2024-cü il tarixdə V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbində “Təbiət tanrının yazdığı kitabdır” adlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında imzaladığı Sərəncam oxunub, əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
    Çıxış edənlər tədbirin mahiyyətindən söhbət açaraq bildiriblər ki, “Təbiət tanrının yazdığı kitabdır”, insana əbədi bəxş etdiyi ideal əsərdir. İnsan da təbiətin bir parçasıdır. Təbiət öz sərvətləri ilə insanı yaşadır, onun fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, həyat verir. O, tükənməz xəzinədir - mənəviyyat xəzinəsidir. Bu xəzinəni qorumaq isə bizim hər birimizin borcudur. Azərbaycanın təbii gözəlliklərini yorulmadan vəsf edən, dünya şöhrətli şairimiz Nizami Gəncəvi də bütün əsərlərində insanları təbiəti sevməyə və ona qayğıkeş münasibət bəsləməyə çağırıb. Şairin ekoloji tərbiyə ilə bağlı fikirlərində də insanın təbiəti məhv olmaqdan xilas etməsi irəli sürülüb. Bu gün də dahi şairin hikmət dolu misraları gənc nəsildə ekoloji dünyagörüşün formalaşması istiqamətində canlı təbiətə humanist münasibətin yaranmasına səbəb olur, onları düşündürür.
    Tədbirdə şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, rəqslər nümayiş etdirilib, təbiəti vəsf edən şeirlər söylənilib, Azərbaycanın yazıçı və dramaturqlarının əsərlərindən səhnəciklər göstərilib.

Keçidlər