Cəbrayıl rayonunda “Təbiət ən şəfqətli anadır” adlı tədbir keçirilib
30 aprel 2024-cü il tarixdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Mərkəzi Kitabxanada “Təbiət ən şəfqətli anadır” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, mədəniyyət işçiləri, X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə iştirakçılar "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar təşkil edilmiş təbiətə aid kitabların və X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbin 9-cu sinif şagirdi Şəbnəm Hüseynovanın əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirib.
Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar. Natiqlər bildiriliblər ki, Sərəncamda qeyd edildiyi kimi Azərbaycan Respublikası Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməkdə davam edir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Beynəlxalq səviyyəli belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi Respublika Prezidentinin növbəti təntənəli qələbəsi, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.
Eyni zamanda tədbir çərçivəsində şagirdlərin ifasında böyük şairimiz Səməd Vurğunun “Çinarın şikayəti” və Zəlimxan Yaqubun “Təbiət allahın şah əsəridir” adlı şerləri dinlənilib, dibçəklərə güllər əkilib və abadlıq işləri aparılıb.