Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Təbiət bizim evimizdir” mövzusunda tədbir keçirilib

24 oktyabr 2024 | 14:26

    24 oktyabr 2024-cü il tarixdə X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbiət bizim evimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, mədəniyyət işçiləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Çıxış edənlər ölkə Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətindən, dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətə diqqətin artırılmasından söhbət açıblar.
    Natiqlər Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılmasının prioritet məsələ olduğunu, Ulu öndərin uzaqgörən siyasətinin bu gün də görülən işlərdə rəhbər tutulduğunu diqqətə çatdırıblar. Çıxışlar zamanı ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsindən, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası elan olunmasından, bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətindən bəhs olunub.
    Tədbir məktəblilərin ifasında vətənə, təbiətə aid şeir nümunələrin səsləndirilməsi, əl işlərindən ibarət sərgi və məktəbdə aparılan təmizlik işləri ilə davam etdirilib.

Keçidlər