Cəbrayıl rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil edilib
13 oktyabr 2023-cü il tarixdə Cəbrayıl rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, rayon İH aparatının məsul əməkdaşları, YAP fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək bildiriblər ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Ümummilli Lider Heydər Əliyev öz adını bütün Azərbaycan xalqının qəlbinə həkk etmişdir. Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona hər zaman dayaq olan ümummilli liderin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı. Qürur verici haldır ki, Ulu Öndərin memarı və qurucusu olduğu, hazırda böyük yüksəliş dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynayıb. Uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. İllərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi.
Tədbir Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə davam etdirilib.