Cəbrayıl rayonunda “Susmayaq, zorakılıq zəncirini birlikdə qıraq” mövzusunda tədbir keçirilib
25 noyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.1, 12.2.2, 12.2.3 bəndlərinin icrası məqsədilə “Susmayaq, zorakılıq zəncirini birlikdə qıraq” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, din xadimi Elman Piriyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, psixoloqlar, səhiyyə işçiləri, könüllülər, məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər.
Çıxış edənlər 25 noyabr tarixinin bütün dünyada məişət zorakılığı ilə mübarizə günü kimi qeyd edildiyini və insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində məişət zorakılığının qarşısının alınmasının getdikcə daha da aktuallaşdığını qeyd edərək bu problemin həllinin hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Natiqlər bildiriblər ki, bu tarixlə əlaqədar bu gündən bütün dünyada və ölkəmizdə 16 günlük “Gender əsaslı mübarizə” kompaniyasına start verilir. Hər il noyabrın 25-dən “Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”ndən başlayıb dekabrın 10-dək Beynəlxalq insan hüquqları gününədək davam edən bu mübarizədə rayonumuzun bütün ictimaiyyətini qadınlara və qızlara qarşı mübarizə kompaniyasında fəal iştirak etməyə çağırırıq. Qadın zorakılığı ailələrə iztirab, kədər gətirir. Bundan qoca da, uşaq da əziyyət çəkir. Zorakılıq qadınlara bütün potensial imkanlarından istifadə etməyə imkan vermir, iqtisadi yüksəlişi məhdudlaşdırır, inkişafı pozur. Bu gün dünyadakı qadınların 70 faizi məişət zorakılığından əziyyət çəkir. Rayonda məişət zorakılığı halları ilə bağlı yerlərdə vəziyyətin qiymətləndirilməsi, risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktiki iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” fəaliyyət göstərir. Qeyd olunub ki, bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir. Qadınların, xüsusilə qız uşaqlarının təhsilə cəlb edilməsinin, erkən nikahla mübarizədə ciddi ictimai qınaq və sərt cəza tədbirləri olmalıdır. Gəlin “Susmayaq, zorakılıq zəncirini birlikdə qıraq”.
Rəsmi çıxışlardan sonra mövzu ilə bağlı slaydlar nümayiş olunub, iştirakçılara və qəsəbə sakinlərinə maarifləndirici bukletlər paylanılıb, məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğular keçirilib, suallar cavablandırılıb.