Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda şair - publisist İsmayıl İmanzadənin 80 illik yubileyi keçirilib

23 dekabr 2025 | 16:33

     23 dekabr 2025-ci il tarixdə çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan, dövrümüzün məhsuldar, istedadlı, yaradıcı, şair-publisisti, həmyerlimiz 1995-ci ildən Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, İsmayıl Səlim oğlu İmanzadənin 80 illik yubileyi keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, yaradıcı ziyalılar - Hidayət Səfərli, Mirzə Mirimli, Musa Aslanxanlı, Əbülfət Alışov, Kamal Fərhad, Ülfət Həsənov, mədəniyyət işçiləri, məktəblilər, doğmaları və şairsevərlər iştirak ediblər.
    Çıxış edənlər 80 illik yubileyi münasibətilə şairi təbrik edərək poeziyada tutduğu mövqedən, yaradıcılıq xüsusiyyətlərindən geniş söhbət açıblar. Bildirilib ki, vaxtıilə Cəbrayıl rayonunda fəaliyyət göstərən “Ümid” Ədəbi Birliyinə rəhbərlik edən İsmayıl İmanzadə məlum hadisələrlə bağlı 1993-cü ildən sonra klassik və çağdaş Azərbaycan ədəbiyyatının təbliği, istedadlı söz adamlarının tanınması naminə böyük əmək sərf edərək, ölkənin müxtəlif bölgələrindən olan yazarları başına toplayıb Mingəçevir ədəbi mühitinin formalaşmasına da öz töhfələrini verib. Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir Bölməsini qurub və 1999-cu ilin oktyabr ayından isə Yazıçılar Birliyi Mingəçevir bölməsinə sədrlik edir. İsmayıl İmanzadənin poeziyası kövrək notlar üstə bəstələnib. Əsas mövzusu Qarabağ dərdi, bütöv Azərbaycan, baş qəhrəmanı isə insan olan şairin ədəbi-ictimai fəaliyyəti kimi, yaradıcılığı da dərin və əhatəli, məzmunu sadə və düşündürücüdür. Azərbaycan poeziyasında özünəməxsus yer tutur, öz yeri, öz çəkisi var. Həyatımıza, düşüncələrimizə yeniliklər gətirmiş tarixi Zəfərimizin ab-havası içərisindəki yurd həsrətini, vətən məhəbbətini özü ilə böyüdən ixtiyar şairimizin poeziyasına da nikbin ruh, qürur dolu misralar, doğma yurda qayıtmaq sevinci bəxş edib.    Hər zaman çeşidli mətbuat səhifələrində yer alan yazıları, o cümlədən ədəbi yaradıcılığını əks etdirən poetik nümunələri bu gün də oxucuları tərəfindən sevilir.
    Tədbirdə yubliyara həsr olunmuş şeirlər, yaradıcılığından parçalar səsləndirilib və sözlərinə bəstələnmiş mahnılar dinlənilib.

Keçidlər