Cəbrayıl rayonunda “Sağlam və xoşbəxt gələcəyə doğru addımlayaq, narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda tədbir keçirilib
05 mart 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, Mərkəzi xəstəxananın və Təhsil sektorunun birgə təşkilatçılığı ilə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində “Sağlam və xoşbəxt gələcəyə doğru addımlayaq, narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, RPŞ-in kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis polkovnik leytenantı Fariz Misirov, RPŞ-in ictimai-təhlükəsizlik bölməsinin YYÇPİT qrupunun inspektoru, polis leytenantı Abutalıb İsmayılov, Mərkəzi xəstəxananın əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər tədbirin əlamətdar günə - “5 mart Bədən tərbiyəsi və İdman günü”nə təsadüf etməsinin əhəmiyyətindən söhbət açıblar. Bildirilib ki, Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir. Ölkəmizdə gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də uğurla inkişaf etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bununla da “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək demək olar ki, dünyanın ən aktual problemlərindən olan narkomaniyanın və digər zərərli vərdişlərin qarşısının alınması məhz sağlam gələcəyin təminatıdır. Qeyd edilib ki, narkotikdən qorunmağın ən yaxşı yolu idmanla məşğul olmaq və asudə vaxtının səmərəli keçirilməsidir. Eyni zamanda diqqətə çatdırılıb ki, aktual problemlərdən olan erkən nikahın qarşısının alınması onu yaradan səbəblərin aradan qaldırılmasından və ciddi maarifləndirmə işinin aparılmasından keçir. İnanırıq ki, bu gün həyata keçirdiyimiz bu kimi maarifləndirici tədbirlər də məsələnin həllində mühüm əhəmiyyət kəsb edəcəkdir.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.






