Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Sağlam gələcəyimizi düşünək və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

19 iyun 2025 | 16:55

    19 iyun 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin və Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə Mərkəzi rayon Xəstəxanasında “Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində “Sağlam gələcəyimizi düşünək və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirlər Məclisinin fəalları, Mərkəzi xəstəxananın həkim-laborantı Əfsanə Ağayeva, baş tibb bacısı Kifayət Məmmədova, Ginekologiya və doğum şöbəsinin maması Şəhla Şirinova və erkən yaşlı qızlar iştirak ediblər.
    Çıxışlar zamanı erkən nikah, yaranma səbəbləri və onun yaratdığı fəsadlardan geniş söhbət açılıb, bu kimi halların qarşısının alınması yolları ətrafında müzakirələr aparılıb. Bildirilib ki, erkən nikah qanun pozuntusu olmaqla yanaşı, həm azyaşlı qızların, həm də gələcək nəsillərin sağlamlığı və həyatı üçün təhlükədir. Uşaq yaşda, yeniyetməliyin ilk çağlarında, hələ formalaşmadan, gəlinciyindən, oyuncağından, uşaqlığından doymayan qızların ərə verilməsi fəsadlarla nəticələnir. İstər mənəvi, istər bioloji, istərsə də psixoloji cəhətdən ailə həyatına hazır olmayan qızların qurduğu ailələr əksər hallarda yarımçıq qalır, boşanmalara gətirib çıxarır, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Məktəbdən, təhsildən zorla kənarlaşdırılan qızlar demək olar ki, normal yaşayışdan da məhrum olurlar. Təəssüf ki, buna da rəvac verən onların ailələri, valideynləri, yaxınları olur. Qızlarını erkən yaşda oda atan valideynlər öz övladına nə qədər pislik etdiyinin fərqinə varmırlar. Bu gün məktəb partasından, kitablarından, müəllimlərindən, bütövlükdə ali təhsil almaq, cəmiyyət üçün yararlı vətəndaş olmaq hüququndan məhrum edilən qızların taleyi hər kəsi düşündürməlidir.
    Tədbir Uşaq Səfirlər Məclisinin fəallarının, azyaşlı qızların mövzu ilə bağlı fikirlərinin dinlənilməsi, onların suallarının cavablandırılması ilə davam etdirilib.

Keçidlər