Cəbrayıl rayonunda "Sağlam gələcəyimiz üçün narkomaniyaya və erkən nikaha yox deyək!" mövzusunda tədbir keçirilib
18 mart 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Təhsil sektoru, Mərkəzi rayon xəstəxanası Publik Hüquqi şəxsin birgə təşkilatçılığı ilə 10 nömrəli tam orta məktəbdə "Sağlam gələcəyimiz üçün narkomaniyaya və erkən nikaha yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Cinayət axtarış bölməsinin rəisi, polis leytenantı Ayaz Babazadə, İctimai Təhlükəsizlik bölməsinin azyaşlılar üzrə inspektoru, polis leytenantı Novruz Novruzlu, valideynlər, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxış edənlər ölkəmizdə narkomaniya və erkən nikahın qarşısının alınması məqsədilə qəbul edilmiş Dövlət Proqramlarının əhəmiyyətindən, zərərli vərdişlərin və erkən nikahın yaratdığı fəsadlar, insan sağlamlığına vurduğu zərərlər və maarifləndirmə istiqamətdə aparılan işlərdən geniş söhbət açıblar. Şagirdləri erkən yaşda valideyn olmaqla bağlı yaranan sosial, mənəvi etik problemlər və narkomaniyadan uzaq olmağa, Azərbaycanımızın parlaq gələcəyi naminə gənc nəslin nümayəndəsi olaraq sağlamlıqlarını qorumağa və pis vərdişlərdən çəkinməyə çağırıblar. Ailənin xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucusu və gələcək nəsillərə ötürücüsü kimi cəmiyyətimizdə mühüm rol oynadığını, erkən nikaha daxil olmanın, narkomaniyaya aludəçiliyin cəmiyyətin inkişafına əngəl törətdiyini və milli genofondumuza mənfi təsir göstərdiyini, ciddi təhlükə yaratdığını bir daha nəzərə çatdırıblar.
Tədbirdə erkən nikahlarla bağlı videoçarx nümayiş olunub, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və psixotrop maddələr, narkotiklər haqqında buklet və braşuralar paylanılıb.