Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimatı keçirilib

15 iyul 2025 | 17:18

     15 iyul 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin akt zalında “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
   Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova, icra hakimiyyəti aparatın əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştrak ediblər.
    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə və Qərbi Azərbaycan İcmasına təşəkkürünü bildirib. Vurğulanıb ki, bu təqdimat təkcə bir nəşrin ictimaiyyətə tanıdılması deyil, həm də Azərbaycan xalqının zəngin tarixi yaddaşına, itirilməyə qoyulmayan irsinə, zorla qoparıldığı torpaqlarla bağlı haqq səsinin bir daha dünyaya çatdırılmasıdır.
    Rayon rəhbəri diqqətə çatdırıb ki, “Qərbi Azərbaycan İrsi” kitabının nəşri və kitabda ortaya qoyulan ciddi araşdırmalar bir daha sübut edir ki, indiki Ermənistan ərazilərinin tarixi sakinləri azərbaycanlılardır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət sayəsində Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı gün artıq uzaqda deyil.
    Tədbirdə çıxış edənlər - İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon Məhkəməsinin hakimi Tərlan Nüsrətov, Ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev və Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova vurğulayıblar ki, indi Ermənistan adlandırılan ərazidən-Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir. Qeyd olunub ki, Ermənistan hakimiyyəti uzun illər boyunca azərbaycanlıların tarixini, mədəni kimliyini, dini irsini hədəf alan sistemli şəkildə etnik təmizləmə və vandalizm siyasəti həyata keçirib. Orada yaşayan azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq, məscid, ziyarətgah və türbə ya tamamilə dağıdılıb, ya da izləri silinərək məqsədli şəkildə yox edilib.
    Çıxışlar zamanı həmçinin belə fundamental tədqiqatların və topluların beynəlxalq ictimaiyyətə təqdim olunmasının zəruriliyi də qeyd edilib.
    Bildirilib ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir,tarixi yaddaşın, milli kimliyin qorunmasında mühüm rol oynayır. Eyni zamanda bu kitab beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı olan bir prosesin sənədləşdirilmiş sübutudur, tarixi ədalətin bərpasıdır. Kitabda təqdim olunan fotoşəkillər, xəritələr və arxiv materialları bu dağıntıların təsadüfi deyil, məqsədyönlü olduğunu bir daha nümayiş etdirir, ermənilər tərəfindən dağıdılmış məscidlərin, məktəblərin, qəbiristanlıqların və digər maddi-mədəni irs nümunələrinin sənədləşdirilmiş şəkildə gələcək nəsillərə ötürülən ən dəyərli məlumatı kimi.
    Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına ilk hüquqi-siyasi qiymət verən Ümummilli Lider Heydər Əliyevin ideyalarını bu gün uğurla davam etdirən Azərbaycan Respublikasının Prezideni, müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə görülən bütün bu işlər bizə imkan verir ki, deyək bir gün təqvimimizdə Qərbi Azərbaycana qayıdış günü də qeyd olunacaq.
     Tədbir “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarxın nümayişi ilə davam etdirilib.

Keçidlər