Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Qarabağda qiyamət” və “Solmayan nərgiz” kitablarının təqdimatı keçirildi

12 may 2022 | 19:26

12 may 2022-ci il tarixdə 7 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən mədəniyyət evində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayan, həmyerlimiz, yazıçı-publisist Ulduz Qasımın müəllifi olduğu “Qarabağda qiyamət” və “Solmayan nərgiz” kitablarının təqdimatı keçirildi. Təqdimat mərasimində Azərbaycan şairi və yazıçısı, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələfli, “Xalq qəzeti”nin redaktor müavini əməkdar jurnalist Tahir Aydınoğlu, əməkdar jurnalist, Prezident təqaüdçüsü Əntiqə Qonaq, yazarlar, ədəbiyyatsevərlər, gənclər iştirak edirdilər.

Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər Ulduz Qasımın həyat və yaradıcılığından geniş söhbət açdılar. Qeyd olundu ki, Ulduz xanım bu vaxta kimi “Qürbət zöhrəsi”, “Xocalı şikəstəsi” kimi iri həcmli əsərlərin müəllifidir. “Qarabağda qiyamət” və “Solmayan nərgiz” kitabları Ulduz Qasımın Qarabağ münaqişəsi mövzusunda qələmə aldığı silsilə kitabların davamıdır. “Solmayan nərgiz” romanı müxtəlif məkan, zaman və hadisələr müstəvisində təsvir olunan Qarabağ insanları haqqında, “Qarabağda qiyamət” romanı isə Vətən müharibəsinə həsr olunmuş ilk irihəcmli  əsərdir. Müəllifin II Qarabağ savaşının ilk günlərindən qələmə almağa başlayıb, tarixi zəfərdən 72 gün sonra tamamladığı bu əsərdə Azərbaycan xalqının qarşısıalınmaz qələbə əzmi və döyüşçülərimizin misilsiz qəhrəmanlığı sənədli materiallar əsasında bədii şəkildə salnamələşib.  Öz növbəsində kitabın müəllifi Ulduz Qasım da çıxış edərək hər kəsə təşəkkür etdi.

Sonda müəllifin imzası ilə tədbir iştirakçılarına kitablar təqdim olundu.

Keçidlər