Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Qarabağa yağan yağış” kitabının təqdimatı keçirildi

20 may 2022 | 09:07

    19 may 2022-ci il tarixdə 15 saylı tam orta məktəbdə şair, Yazıçılar Birliyinin üzvü, tanınmış ziyalımız, uzun müddət öz həyatını gənclərin təlim-tərbiyəsinə həsr etmiş, müəllim, pedaqoq Musa Aslanxanlının “Qarabağa yağan yağış” kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yazarlar, ədəbiyyat sevərlər, qazilər, gənclər iştirak etmişdir.
   Vətənimizin gözəl guşələrindən olan Qarabağa, Vətən müharibəsinə, şəhidlərimizə həsr olunmuş şerlər toplusundan ibarət olan kitabın təqdimatında çıxış edənlər şairin yaradıcılığından geniş şəkildə bəhs edərək bildiriblər ki, Musa Aslanxanlı öz taleyini yurddaşlarının taleyi bilən, yurdu düşmən tapdağında olan, amma ümidini, inamını heç vaxt itirməyən və qələmini süngüyə çevirən şairlərimizdəndir. Onun ilk mətbu şeri 1969-cu ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Yaradıcılığının ilk nümunələrindən olan 1970-ci illərdə yazılan “Pıçıltı-pıçıltı açır çiçəklər” şeri ilə ədəbi ictimaiyyətin diqqətini çəkmişdir. Musa Aslanxanlı “Ad günləri qarşıdadır”, “Şuşaya gedən yol”, “Üz tutmalı ömürlər” kitablarının müəllifidir. Məcburi köçkün ömrü yaşayan şair oxucuları həmişə vətənpərvərliyə səsləyən şerləri ilə dövrü mətbuatda tez-tez çıxış etmişdir. Onun şerləri oxucular tərəfindən həmişə maraqla qarşılanmışdır. Kitab haqqında çıxış edən tədbir iştirakçıları bildiriblər ki, “Qarabağa yağan yağış” kitabında vətən, onun bir parçası olan Qarabağ, şəhidlər, qazilər, Vətən müharibəsinə könüllü yollanan igidlərimiz, qazanılan qələbə, ağrılı-acılı yaşantılar öz əksini tapıb. Kitab gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaqdır.
     Sonda məktəblilərin ifasında şairin şerləri səsləndirildi və tədbir iştirakçılarına müəllifin imzası ilə kitablar təqdim olundu.

Keçidlər