Cəbrayıl rayonunda Prokurorluq orqanlarının yaranmasının 107 illiyi qeyd olunub
01 oktyabr 2025-ci il tarixdə Prokurorluq orqanlarının yaranmasının 107 illiyi qeyd olunub. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, rayon Prokruroru, kiçik ədliyyə müşaviri Vüqar Səlimov, prokurorluğun əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək peşə bayramı günü münasibəti ilə bu sahədə çalışan bütün prokurorluq əməkdaşlarını təbrik edib, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. Bildirilib ki, şərəfli yol keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirirlər, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində layiqincə xidmət göstərirlər.
Rayon Prokuroru Vüqar Səlimov çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib və prokurorluq orqanlarının əməkdaşlarının ölkə rəhbərliyinin göstərdiyi yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcəklərini qeyd edib.






