Cəbrayıl rayonunda “Narkomanlığa qarşı mübarizə hər kəsin borcudur” mövzusunda tədbir keçirilib
03 dekabr 2024-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə “Narkomanlığa qarşı mübarizə hər kəsin borcudur” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon Polis şöbəsinin məsul əməkdaşları, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş 2019–2024-cü illər üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın mahiyyətindən və müvəffəqiyyətlə icra olunmasının müstəsna əhəmiyyət kəsb etməsindən geniş söhbət açıblar. Bildirilib ki, rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası da aidiyyəti dövlət qurumları ilə birlikdə mütəmadi olaraq səmərəli işgüzar əlaqələr yaratmaqla sözügedən ümumbəşəri problemə qarşı mübarizəyə töhfəsini verməkdə davam edir. Bu bəla ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıyıq.
Tədbir maarifləndirici bukletlərin paylanılması ilə davam etdirilib.