Cəbrayıl rayonunda “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib
21 iyun 2023-cü il tarixdə rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi, polis kapitanı Elşad Məmmədyarov, İctimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Xəqani Məhərrəmov, Mərkəzi Xəstəxananın həkimi Kənan Behbudov, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
Çıxış edənlər tədbirin məqsəd və əhəmiyyətindən söz açaraq 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə dair hər il rayonda təşkil olunan silsilə tədbirlərin keçirildiyini bildiriblər. Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunduğunu vurğulayan natiqlər dövlət tərəfindən bu sahədə görülən işlərdən danışıblar. Cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, rayonda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini və təbliğat işlərinin genişləndirildiyini bildiriblər. Qeyd olunub ki, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Hər birimiz əsrin bəlası olan narkomaniyaya qarşı mübarizə aparmalıyıq.