Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda "Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilmişdir

27 aprel 2022 | 12:22

    26 aprel 2022-ci il tarixdə Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərinə həsr olunmuş "Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilmişdir.
   Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon Polis şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini polis polkovnik- leytenantı Yalçın Alısoy, İctimai Təhlükəsizlik bölməsinin azyaşlılar üzrə inspektoru, polis kapitanı İsa Zamanov, "Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin 7 saylı həkim məntəqəsinin həkimi Tehran Behbudov, məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.
    Çıxış edənlər tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələ olduğunu diqqətə çatdırmışlar. Natiqlər vurğulamışlar ki, dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması həyəcan təbili çalmaya bilməz. Hər bir ölkənin gələcək inkişafında əsas hərəkətverici qüvvəsi olan gənclərin sağlam şəkildə böyüməsi, təhsil alması, onların potensialından qarşıya qoyulan hədəflərin gerçəkləşməsində səmərəli istifadə edilməsi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Ölkəmizdə 1996-cı ildə müvafiq Dövlət Komissiyası yaradılıb və daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib. Bu günədək bu sosial bəlanın aradan qaldırılması məqsədilə üç Dövlət Proqramı icra olunub, 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilməkdədir. Narkomaniya və narkobiznes dünyada münaqişə ocaqlarının, nəzarətsiz zonaların, terrorçu mərkəzlərin və mütəşəkkil cinayətkar qrupların yaradılmasında, silah alverinin güclənməsində mühüm amillərdən biridir. Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. 30 ilə yaxın müddətdə bu ərazilərimizin nəzarətsiz zonaya çevrilməsi narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. İşğal olunmuş ərazilərimizdə narkotik tərkibli bitkilərin yetişdirilməsi, onlardan əldə olunan vəsaitlərin çirkin niyyətlərin həyata keçirilməsinə yönəldilməsi faktdır. Artıq 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsi bölgədə və dünyada yeni reallıqlar yaradıb. Yeni əməkdaşlıq formatlarının müəllifi olan Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə strukturu yaratmaqla torpaqlarımızdan, bu bölgələrimizin malik olduğu potensialdan ölkəmizin davamlı inkişafının təmin edilməsi üçün geniş imkanlar açır. Ölkəmizin həyatında yeni dövr başlayır, quruculuq və bərpa işlərinin həyata keçirilməsinə dost ölkələrin şirkətləri dəvət edilir, beləliklə, öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın yaxın zamanlarda Böyük Qayıdışına başlanılacaq. Hər birimiz üçün qürur doğuran bu məqamları qeyd etməklə Azərbaycan gənclərinin nə qədər vətənpərvər, milli düşüncəyə malik vətəndaşlar olduqlarını diqqətə çatdırır, tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralı döyüşçülərimizə Allahdan şəfa diləyirik.
     Torpaqlarımız öz tarixi sahiblərinə qayıtmaqla nəzarətsiz zona ifadəsini də öz üzərindən götürdü. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vurmağımız hər sahədə yeni reallıqlara uyğun addımların atılmasının zəruriliyini ortaya qoyur. Bu Qələbəmiz Azərbaycan gəncliyində bugünümüz və sabahımızla bağlı böyük qürur hissi yaradıb. Tarix yazmaqla Vətən, torpaq sevgisini nümayiş etdirən gənclərimizin istər ön, istərsə də arxa cəbhədə göstərdikləri qəhrəmanlıq fonunda onların pis vərdişlərə aludəçiliyini düşünmək istəməzdik. Amma hər bir məsələdə güvənli olmaq üçün maarifləndirmə işinin əhəmiyyətini unutmamalı, bu istiqamətdə səylərimizi artırmalıyıq.
     Məqsəd hər zaman qeyd etdiyimiz kimi, sağlamlığımızı qorumaq, gənclərimizi pis vərdişlərdən uzaqlaşdırmaq, onların asudə vaxtlarını yaxşı təşkil etmək, bilik və bacarıqlarını artırmaq və bununla yeni dövrün reallıqlarına uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə dəstək olmaqdır. Biz inanırıq ki, birgə səylər əsasında hədəflərə nail olacaq, Azərbaycan narkomaniyaya qarşı mübarizə təcrübəsi ilə də liderliyini qoruyacaq.

Keçidlər