Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Müzəffər Ali Baş Komandan - xalq - ordu birliyi” mövzusunda tədbir keçirilib

25 iyun 2024 | 17:57

    26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan - xalq - ordu birliyi” mövzusunda tədbir keçirilib.
    Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, İctimai Şuranın sədri Zaur Vəliyev, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştrakçıları əvvəlcə “Şəhidlər” Abidə Kompleksində şəhidlərimizin əziz xatirəsini yad edərək, abidələri önünə gül dəstələri düzüb, dərin ehtiramlarını bildiriblər.
    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Komandan İlham Əliyev başda olmaqla Azərbaycan ordusunun əsgər və zabitlərini, tədbir iştirakçılarını təbrik edərək xoş arzularını bildirib və Tarixi Zəfərimizin əbədi olmasını arzulayıblar.
    Natiqlər bildirdilər ki, Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla hər il iyun ayının 26-sı ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu günlər xalqımız sonsuz iftixar və fəxarət hissi ilə, qalib Ordumuzun yaranmasının 106 illiyini qeyd edir.
    Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir.
    Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başlayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə ordu quruculuğunu dinamik inkişaf etdirib. Azərbaycan Ordusunun bu gücünü 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə bütün dünyaya göstərdi. Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Xalqımızın mübarizliyi və yeniməzliyi bir daha təsdiq olundu. Bütün dünya yumruq kimi Xalq - Ordu birliyinin şahidi oldu və bu birlik Böyük Qələbənin əldə olunmasında mühüm rol oynadı. Bütün bunlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, müzəffər Sərkərdə cənab İlham Əliyevi və qüdrətli Azərbaycan ordusunu alqışlayırıq.
   Tədbir Yeni Azərbaycan Partiyasına üzvlüyünə qəbul olunmuş gənclərin vəsiqələrinin təqdim edilməsi ilə davam etdirilib.

Keçidlər