Cəbrayıl rayonunda Müstəqilliyin Bərpası Gününün 33-cü ildönümü münasibəti ilə tədbir keçirilib
18 oktyabr 2024-cü il tarixdə Cəbrayıl rayonunda Müstəqilliyin Bərpası Gününün 33-cü ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Rayon İcra Hakimiyyəti və inzibati ərazi dairələrinin məsul əməkdaşları, Hüquq-Mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbir iştirakçılarını müstəqilliyimizin bərpasının 33-cü ildönümü münasibətilə təbrik edib. İcra başçısı tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, artıq ölkəmiz Heydər Əliyevin yaratdığı siyasi məktəbin davamçısı, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlətdir. Xalqımız azaddır, müstəqildir, sərbəstdir. Son 21 il müxtəlif tarixi hadisələrlə zəngin bir dövr kimi tariximizə yazıldı. Bunların sırasında yeni tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin ərazi bütövlüyünün bərpası, Qarabağ probleminin Azərbaycanın milli maraqlarına uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi bir çox əhəmiyyətli hadisələr yer alıb.
Rayon rəhbəri bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyein rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 illik vətən həsrətinə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, bütün şəhər və kəndlərdə dalğalanır. 2022-ci ilin 16 noyabr tarixində təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın reallaşması nəticəsində artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır.