Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Musiqi sədaları altında suverenliyimiz” mövzusunda tədbir keçirilib

17 sentyabr 2026 | 16:19

18 sentyabr 2026-ci il tarixdə rayonun Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbində Azərbaycan Respublikasının Dövlət Suverenliyi gününün 3-cü ildönümünə, Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə və Milli Musiqi Gününə həsr olunmuş “Musiqi sədaları altında suverenliyimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, məktəbin direktoru Vidadi Orucov, müəllim və şagird kollektivi, mədəniyyət işçiləri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanan tədbirdə çıxış edənlər Dövlət Suverenliyi və Milli Musiqi günü münasibətilə tədbir iştirakçılarını, musiqisevərləri təbrik edərək, hər iki mövzunun əhəmiyyətindən söhbət açıblar. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu tarixi qələbələr möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasətinin, dövlət idarəetməsi strategiyasının məntiqi nəticəsidir.
Çıxışlar zamanı həmçinin vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan musiqi sənətinin inkişafı üçün böyük işlər həyata keçirilib. Ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov və başqa dünya səviyyəli sənətkarlarımızın yaradıcılığını yüksək qiymətləndirib, Azərbaycan musiqi mədəniyyətinin inkişafına daim böyük qayğı göstərib. Qeyd olunub ki, bu gün də ölkəmizdə musiqimizin inkişafı sahəsində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli musiqi ənənələrimiz yaşadılır.
Tədbir çərçivəsində Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin əsərlərindən ibarət parçalar səsləndirilib, məktəbin müəllim və şagirdlərinin ifasında Vətənpərvərlik mövzusunda rəngarəng mahnılar dinlənilib.

Keçidlər