Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Multikulturalizm humanist dəyərlərə sevgidir” mövzusunda tədbir keçirilib

20 noyabr 2024 | 11:58

    20 noyabr 2024-cü il tarixdə 6 saylı qəsəbə klubunda “Multikulturalizm humanist dəyərlərə sevgidir” mövzusunda tədbir keçirilib.
    Tədbirdə Rayon İcra Hakimiyyətinin, Mərkəzi Rayon Kitabxanasının məsul əməkdaşları, mədəniyyət işçiləri və ümumtəhsil məktəblərinin müəllimləri iştirak ediblər.
    Tədbirdə çıxış edənlər bildiriblər ki, dünyada geosiyasi vəziyyət gərginləşdikcə, insanların, eləcə də dövlətlərin, dinlər və millətlər arasında tolerant və multikultural dəyərlərin inkişaf etdirilməsinə və qorunmasına ehtiyac daha da artır. Çünki bütün bu münaqişə və müharibələrin kökündə qarşılıqlı anlaşılmazlıqlar və bir-birlərinə qarşı dözümsüzlük durur. Bunun qarşısının alınmasının yeganə yolu isə dünyada birgəyaşayışın mükəmməl forması olan, dini və milli dözümlülüyü özündə ehtiva edən multikulturalizmi və tolerantlığı təbliğat və təşviq yolu ilə inkişaf etdirməkdir. Bu gün Qərbin aparıcı dövlətlərinin multikulturalizmdən imtina etməsi fonunda Azərbaycan multikulturalizm modelinin dünyada nümunəvi birgəyaşayış forması kimi qəbul olunması, ölkəmizin son illər bu sahədə gördüyü qlobal işlərin nəticəsidir. Bütün dünya bu gün olduqca narahat günlərini yaşayır. Hərbi-siyasi toqquşmalarla yanaşı, humanitar problemlər ayrı-ayrı ölkələrin faciəsinə çevrilib. Təəssüf ki, bu faciələr həm də milli və dini zəmində özünü göstərir. Onilliklər boyu bir-biri ilə yanaşı yaşamış millətlər düşmənə çevrilirlər. Qərb dünyasında islamofobiya meyilləri baş alıb gedir, beləliklə, sivilizasiyalararası ziddiyyətlər dərinləşir. Lakin Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgəyaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.
    Natiqlər vurğulayıblar ki, 2020-ci ildə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində respublikamızda yaşayan müxtəlif millətlərin nümayəndələrinin Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad olunması uğrunda birgə vuruşması da göstərdi ki, bölünməz Azərbaycan dinindən, dilindən asılı olmayaraq bütün ölkə vətəndaşları üçün müqəddəsdir, doğmadır. Milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqların dini bayramlarının, ayinlərinin keçirilməsi də ölkəmizdə multikultural dəyərlərə göstərilən diqqətdir. İşğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan, viran qoyulan dini abidələrin bərpası, məscid və kilsələrin təmirinə diqqət göstərilməsi Azərbaycanın multikultural siyasətindən qaynaqlanan humanizmdir.

Keçidlər