Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Milli mətbuatımızın tarixi” mövzusunda tədbir keçirilib

22 iyul 2024 | 17:26

   22 iyul 2024-cü il tarixdə Azərbaycan Milli Mətbuatının yaranmasının 149 illiyi münasibətilə “Milli mətbuatımızın tarixi” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, “Xudafərin” qəzetinin baş redaktoru Şakir Albalıyev, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, yazarlar, ziyalılar, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
   Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Milli mətbuatda, kütləvi informasiya vasitələrinin müxtəlif sahələrində çalışan bütün mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edərək, Azərbaycan mətbuatının 149 ildə keçdiyi uzun və şərəfli yoldan söhbət açıblar. Natiqlər cəmiyyət həyatında mətbuatın önəmli rolundan, ölkəmizdə medianın inkişafı naminə görülən işlərdən danışaraq, rayon icra hakimiyyəti tərəfindən mətbuat işçiləri, qələm adamları ilə təşkil olunan belə görüşləri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Milli mətbuatımız ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın tarixində də yeni mərhələ açıb. 1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyulub və bu da təbii olaraq, mətbuatın inkişafına ciddi təkan verib.
     Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Hazırda respublikamızda çoxsaylı qəzet və jurnallar nəşr olunur, İnformasiya agentliklərinin, televiziya və radioların geniş şəbəkəsi fəaliyyət göstərir, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.
     Bu gün Azərbaycanın milli mətbuatı tarixində öz dəst-xətti olan, rayonumuzun ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan “Xudafərin” rayon qəzeti Milli mətbuatımızın şanlı ənənələrini uğurla davam etdirir. Qəzet 1932-ci ildə nəşrə başlayıb və müxtəlif adlarla: “Lenin bayrağı”, “Kolxozçu” adı altında çap edilib. 92 ildir ki, rayon oxucularının görüşünə gələn qəzet hazırda “Xudafəin” adı ilə nəşr edilir. Böyük inkişaf yolu keçmiş “Xudafərin” qəzeti rayonun iqtisadi, sosial-siyasi, mədəni həyatında mühüm rola malik olub, ictimai rəy formalaşdırıb. Qəzetin uğurlu fəaliyyətində rayonda fəaliyyət göstərən mətbuat işçilərinin, qələm adamlarının böyük əməyi olub.
     Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və 22 İyul – Milli Mətbuat Günü münasibətilə “Xudafərin” qəzetinin baş redaktoru Şakir Albalıyevə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim edilib, V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı kompozisiya və kitab sərgisinə baxış keçirilib.

Keçidlər