Cəbrayıl rayonunda “Milli mətbuatımızın şanlı tarixi” mövzusunda tədbir keçirilib
22 iyul 2026-cı il tarixdə Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi münasibətilə “Milli mətbuatımızın şanlı tarixi” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Mayil Əliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Vasif Quliyev və mədəniyyət işçiləri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər Milli mətbuatda, kütləvi informasiya vasitələrinin müxtəlif sahələrində çalışan bütün mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edərək, Azərbaycan mətbuatının 151 ildə keçdiyi uzun və şərəfli yoldan söhbət açıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın tarixində də yeni mərhələ açıb. 1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyulub və bu da təbii olaraq, mətbuatın inkişafına ciddi təkan verib.
Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Hazırda respublikamızda çoxsaylı qəzet və jurnallar nəşr olunur, İnformasiya agentliklərinin, televiziya və radioların geniş şəbəkəsi fəaliyyət göstərir, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.






