Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda milli bayramımız olan Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib

19 mart 2026 | 16:18

    19 mart 2026-cı il tarixdə Ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
    Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Hüquq-Mühafizə, idarə, müəssisə və təşkilatların rəhbər və kollektivləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qazilər, veteranlar, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayonun ümumtəhsil məktəblərinin hazırladıqları milli folklor nümunələrindən və əl işlərindən ibarət sərgiyə baxışla başlanan Novruz şənliyində rayon rəhbəri bayram tonqalı alovlandırıb.
    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam edən tədbirdə çıxış edənlər xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə rayon sakinlərini və qonaqları təbrik edib, xoş arzularını bildiriblər. Qeyd olunub ki, Novruz xalqımızın qədim ənənələrini bütün rəngarəngliyi ilə qoruyub saxlayan, tarixi keçmişimizə yüksək ehtiram və milli-mənəvi dəyərlərimizə dərin bağlılığı nümayiş etdirdən qədim el bayramıdır. İnsanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməl yaradan bu bayram firavanlığın başlanğıcı, ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbətin təcəssümüdür. Dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər il bayram münasibətilə xalqımıza ünvanladıqları təbrik, bayram şənliklərində iştirakı və onlarla sevinclərini paylaşmağı artıq ənənəyə çevrilib.
    Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları, rayonun bədii özfəaliyyət kollektivlərinin hazırladıqları rəngarəng konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Eyni zamanda baharın gəlişini, torpağın oyanışını əks etdirən Novruz xonçaları, səmənilər, bayramın rəmzi olan şirniyyatlar tədbiri daha da zənginləşdirib və xüsusi gözəllik verib.

Keçidlər