Cəbrayıl rayonunda məzun tələbələrlə görüş keçirilib
12 fevral 2026 | 16:29
12 fevral 2026-cı il tarixdə 14 saylı tam orta məktəbdə rayon İcra hakimiyyətinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Oxuyan gənclik – güclü gələcək” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Zaur Vəliyev, məktəbin müəllim və şagird kollektivi, rayonun ümumtəhsil məktəblərində müxtəlif illərdə məzun olmuş tələbələr iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və dünyasını dəyişmiş müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər tələbələri görməkdən məmnun olduqlarını bildirərək, bu görüşün şagirdlərə örnək olacağını nəzərə çatdırıblar. Natiqlər ölkədə aparılan təhsil siyasətindən, gənclərin inkişafı strategiyası, onların xarici ölkələrin nüfuzlu ali təhsil müəssislərində təhsil almalarına dair qəbul edilən Dövlət Proqramlarından da geniş söhbət açıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində 1500-dən artıq azərbaycanlı gəncin bütün təminatlarının dövlət tərəfindən həyata keçirilməsi şərti ilə keçmiş ittifaqın aparıcı ali təhsil olacaqlarında təhsillərini davam etdirmələrinə şərait yaradıb. Bu ənənə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da qorunub saxlanılıb və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məktəbin müəllim və şagirdləri tərəfindən sevinclə qarşılanan tələbələr sevimli müəllimlərini yada salıb, xatirələrindən danışıblar. Tələbəlik illəri haqqında təəssüratlarını bölüşərək, şagirdlərə öz tövsiyələrini veriblər və bu görüşün hər birinin yaddaşında dərin izlər buraxacağını söyləyiblər.
Sonda məktəbin şagirdi Nərgiz Fərzəliyeva gözəl rəqsi ilə tələbələri təbrik edib və xatirə şəkli çəkdirilib.






