Cəbrayıl rayonunda “Mənim dilim – mənim kimliyimdir” mövzusunda tədbir keçirilib
04 mart 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində “Mənim dilim – mənim kimliyimdir” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, yazarlar, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.
Çıxış edənlər ana dilimizin tarixindən, saflığının qorunub yaşadılmasından geniş söhbət açıblar. Bildirilib ki, tarixi minilliklərin sınağından, hakim rejimlərin işğalından, yadelli təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan Azərbaycan dili indi dünyanın ən zəngin dilləri sırasındadır. Fəxarətlə deyə bilərik ki, bu gün ana dilimiz müstəqil, müasir Azərbaycan Respublikasının dövlət dilidir, xalqımızın varlığının təsdiqidir, tariximizin daşıyıcısıdır, milli kimliyidir, bizimlə əcdadlarımız, onların yaratdıqları milli mənəvi dəyərlər arasında rabitədir, bizi gələcək nəsillərimizlə bağlayan əsas iplərdən biridir, ən böyük mənəvi sərvətimizdir, milli ruhumuzun bərqərar olduğu milli dəyərimiz, sehrimiz, sirrimiz, mövcudluğumuzdur. Ana dili sadəcə anadan öyrəndiyimiz dil deyil, həm də düşüncələrimizin, duyğularımızın və mənliyimizin dilidir. Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soykökü təyin edir.
Əgər nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur doğuran tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.
Tədbirdə ana dilimizin qorunması ilə bağlı videoçarx nümayiş olunub və İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin şagirdlərinin ifasında şeirlər, laylalar, bayatılar, nəğmələr, dil haqqında müdriklərin fikirləri səsləndirilib.