Cəbrayıl rayonunda “Məişət zorakılığına son!” mövzusunda tədbir keçirilib
02 dekabr 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Məişət zorakılığına son!” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Fəridə İbayeva, məktəbin direktoru Arifə Əhmədova, azyaşlılar üzrə inspektor, polis leytenantı Abutalıb İsmayılov, Cəbrayıl 1 saylı Mediasiya təşkilatının əməkdaşları, psixoloqlar, səhiyyə işçiləri, mədəniyyət işçiləri, valideynlər, məktəbin və məktəbəqədər təhsil müəssisələrinin kollektivləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən 25 noyabr bütün dünyada “Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü” kimi qeyd olunur. Ölkəmizdə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının həyata keçirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “25 noyabr – Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günündən başlayaraq 10 dekabr-Beynəlxalq İnsan hüquqları gününədək 16 günlük fəallıq kompaniyası keçirilir. Respublikamızda keçirilən tədbirlərin davamı olaraq rayon İcra Hakimiyyəti tərəfindən də kampaniya çərçivəsində müxtəlif formatlarda tədbirlər həyata keçirilir və dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı çağırışlar edilir. Bu gün Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Məişət zorakılığına son!” mövzusunda keçirilən tədbir də bu məqsədi güdür.
Tədbir çərçivəsində mövzu ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.






